MƏXFİLİK SİYASƏTİ

 

1.           Ümumi müddəalar

1.1.     Bu Məxfilik Siyasəti “Plan and Eat” mobil tətbiqi və əlaqəli veb interfeyslər (birlikdə “Platforma” və ya “Plan and Eat”) vasitəsilə təqdim edilən Xidmətlərdən istifadə zamanı fərdi məlumatların toplanması, emalı, saxlanması, ötürülməsi və mühafizəsi qaydalarını müəyyən edir.

1.2.     Məxfilik Siyasəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər tətbiq olunan normativ hüquqi aktlara uyğun hazırlanmışdır və “İstifadəçi Şərtləri və Qaydaları” (“Şərtlər”) ilə birlikdə tətbiq olunur.

1.3.     Məxfilik Siyasətində istifadə olunan “Xidmətlər” və digər Anlayışlar Şərtlərdə onlara verilən mənalarda istifadə olunur.  Məxfilik Siyasəti ilə Şərtlər arasında ziddiyyət yarandığı halda, fərdi məlumatların emalı və məxfiliyi üzrə bu Məxfilik Siyasətinin müddəaları tətbiq olunur, digər məsələlər üzrə Şərtlər üstün tutulur.

1.4.     “Plan and Eat” vasitəsilə xidmətləri təqdim edən “SABAH STUDİO” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1704113041; hüquqi ünvan: AZ1003, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİ QURBAN ABBASOV, ev.5, m.5) (bundan sonra “Şirkət”, “biz”, “bizim”) fərdi məlumatların mühafizəsini təşkil edir və Siyasət üzrə məsul şəxs hesab olunur. Bu Məxfilik Siyasəti Şirkətin Platforma çərçivəsində emal etdiyi fərdi məlumatlara şamil olunur.

1.5.     Məxfilik Siyasəti Platformadan istifadə edən bütün İstifadəçilərə şamil olunur. İstifadəçilərin Platformadan istifadə etməsi bu Məxfilik Siyasəti ilə tanış olduqlarını və burada göstərilən qaydada fərdi məlumatların emalına razılıq verdiklərini ifadə edir.

 

2.           Haqqımızda

2.1.     Biz, Platforma vasitəsilə İstifadəçilərin (Korporativ Abunəçilərin işçilərinin) fərdi qidalanma, kalori və pəhriz ehtiyaclarına uyğun olaraq həftəlik və ya aylıq yemək planlarını öncədən seçməsini təmin edən rəqəmsal qida xidmətləri aqreqatoruyuq. Platforma vasitəsilə İstifadəçilər öz fərdi fiziki göstəricilərini (yaş, çəki, boy və s.) daxil edərək kalori ehtiyaclarını hesablaya, sevimli yeməklərini ("favorit") qeyd edərək fərdiləşdirilmiş menyu tövsiyələri ala, habelə bu yeməklərin tərəfdaş Təchizatçılar (mətbəxlər) tərəfindən birbaşa təyin olunmuş ünvanlara çatdırılmasını təşkil edərək əldə edə bilərlər.

2.2.     Platforma Ödəniş xidməti təchizatçısı qismində çıxış etmir. Nağdsız ödənişlərin icrası müvafiq Ödəniş xidməti təchizatçısının infrastrukturu üzərindən həyata keçirilir. Şirkət vəsaitləri qəbul etmir, saxlamır və paylamır. Şirkət yalnız ödənişin başlanması üçün texniki interfeys təqdim edir və Ödənişin qeydiyyatıvə statusunun Platformada əks olunmasına texniki şərait yaradır.

 

3.           Məxfilik Siyasətinə razılıq

3.1.     İstifadəçilər bu Məxfilik Siyasətini qəbul etməklə, Platformadan istifadə zamanı fərdi məlumatlarının toplanmasına, emalına və saxlanmasına açıq və məlumatlı şəkildə razılıq vermiş olurlar. Bu razılıq, həmçinin Xidmətlərin düzgün və effektiv göstərilməsi məqsədilə məlumatların istifadəsini əhatə edir. Razılıq Platformada qeydiyyatın tamamlanması, OTP kodu ilə təsdiq, Platformaya daxil olma və/və ya Xidmətlərdən faktiki istifadə ilə ifadə olunur.

3.2.     Hüquqi öhdəliklərimizin və xidmət keyfiyyətinin təmin olunması məqsədilə Biz aşağıdakı hallarda fərdi məlumatlardan istifadə edə bilərik:

3.2.1.        Platformanın idarə olunması və İstifadəçilərə təqdim edilən xidmətlərin fasiləsiz və funksional şəkildə işləməsinin təmin edilməsi;

3.2.2.        Xidmətin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin artırılması məqsədilə statistik araşdırmalar və analitik təhlillərin aparılması, istifadəçi davranışlarının təhlili məqsədilə anonimləşdirilmiş statistik məlumatların hazırlanması;

3.2.3.        İstifadəçinin şəxsiyyətinin identifikasiyası və təhlükəsizlik məqsədilə məlumatların əldə edilməsinin zəruriliyi;

3.2.4.        İstifadəçi ilə əlaqənin qurulması (elektron poçt, SMS, "pop-up" və "push" bildirişləri və s.);

3.2.5.        İstifadəçilər tərəfindən təqdim edilən Sorğular, rəy, şikayət və digər müraciətlər üzrə geri dönüşün təmin edilməsi;

3.2.6.        İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı ərizə, sorğu, rəy, şikayət və ya digər müraciətləriniz üzrə geri dönüşü təmin etmək;

3.2.7.        Qanunvericiliklə müəyyən edilmiş hallarda və ya müvafiq dövlət orqanlarının tələbi əsasında məlumatların təqdim olunması.

3.3.       İstifadəçilər razılıq verirlər ki, hesab və Platforma ilə bağlı vacib yeniliklərin, Bildiriş(lər)in, təhlükəsizlik bildirişlərinin və xidmət mesajlarının çatdırılması məqsədilə Şirkət İstifadəçilərlə e-poçt, SMS, push-bildiriş və telefon zəngi vasitəsilə əlaqə saxlaya bilsin.

3.4.       Bu Məxfilik Siyasəti yalnız Bizim tərəfimizdən toplanan məlumatlara şamil olunur. Bu Məxfilik Siyasəti Şirkətin Platforma çərçivəsində emal etdiyi məlumatlara şamil olunur. Ödəniş xidməti təchizatçısı və Üçüncü tərəf xidmətləri təminatçıları tərəfindən müstəqil şəkildə emal edilən məlumatlara onların öz məxfilik qaydaları tətbiq olunur. Fərdi məlumatlarınızı təqdim edərkən onların düzgünlüyünə görə məsuliyyət İstifadəçilərə aiddir. Düzgün olmayan və ya natamam məlumatlar əsasında təqdim etdiyimiz və ya bu səbəbdən təqdim edə bilmədiyimiz xidmətlər üçün məsuliyyət daşımırıq. Bununla yanaşı, İdarəedici Qurum tərəfindən Platformaya ötürülən məlumatların doğruluğu və yenilənməsi İdarəedici Qurumun məsuliyyətindədir.

3.5.       İstifadəçilər razılıqlarını qanunvericiliyin yol verdiyi hallarda istənilən vaxt geri götürə bilərlər. Razılığın geri götürülməsi yalnız gələcək emal əməliyyatlarına şamil olunur və əvvəlki emalları avtomatik etibarsız etmir. Lakin razılığın geri götürülməsi bəzi Xidmətlərin (məs., hesabın idarə edilməsi, Bildiriş(lər), Sorğular, ödəniş statuslarının göstərilməsi) təqdim edilməsini məhdudlaşdıra və ya mümkünsüz edə bilər.

3.6.       Məlumatlar bu Siyasətdə göstərilən məqsədlər üçün zəruri olan müddətdə saxlanılır. Şərtlərdə nəzərdə tutulduğu kimi, Şirkət Audit qeydlərini və əlaqəli məlumatları mübahisələrin araşdırılması, təhlükəsizlik və qanuni tələblər məqsədilə zəruri hallarda 5 (beş) ilədək müddətə saxlaya bilər. Saxlanma müddətləri qanunvericilik və ya səlahiyyətli orqanların tələbləri əsasında artırıla və ya azaldıla bilər.

3.7.       Toplanmış fərdi məlumatlar yalnız Bizim təqdim etdiyimiz xidmətlərin həyata keçirilməsi və göstərilən məqsədlərin icrası müddətində saxlanılır.

3.8.       İstifadəçilər Məxfilik Siyasətini qəbul etməklə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatlarının müəyyən edilmiş məqsədlər üzrə toplanılması, emalı, saxlanılması və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə ötürülməsinə tam və məlumatlı razılıq verdiklərini təsdiqləyirlər. İstifadəçilər, həmçinin, razılıqlarını qanunvericiliyin yol verdiyi hallarda geri götürmək və fərdi məlumatlarının emalına dair əlavə məlumat almaq hüququna malik olduqlarını qəbul edirlər.

 

4.             Məxfilik Siyasətinin əhatə dairəsi

4.1.       Qeydiyyat və hesab məlumatları - ad, soyad, telefon nömrəsi, elektron poçt ünvanı (daxil edildikdə), doğum tarixi (daxil edildikdə).

4.2.       Şəxsiyyət vəsiqəsi məlumatları : Şəxsiyyət vəsiqəsinin FIN və seriya nömrəsi

4.3.       Korporativ abunəlik və çatdırılma məlumatları: Korporativ istifadəçilər üçün çalışdıqları şirkətin adı, hüquqi və ya faktiki fəaliyyət ünvanı, habelə yeməyin çatdırılacağı konkret ofis ünvanı.

4.4.       Fərdi fiziki göstəricilər və qidalanma məlumatları: Süni intellekt (AI) əsaslı qidalanma tövsiyələrinin verilməsi və kalori hesablamalarının aparılması məqsədilə istifadəçinin yaşı, boyu, çəkisi, cinsi, həmçinin fərdi qida üstünlükləri, sevimli yeməkləri, allergen və həssas olduğu qidalar haqqında məlumatları və pəhriz məhdudiyyətləri.

4.5.       Digər könüllü məlumatlar - İstifadəçi bizə müraciət etdikdə, dəstək üçün yazışmalar apardıqda və ya anketlərdə iştirak etdikdə təqdim etdiyi digər məlumatlar müştəri xidmətlərinə göndərilmiş mesajların və onların məzmununun, sorğuların və təkliflərin, rəy və şikayətlərin, eləcə də sorğular çərçivəsində iştirak zamanı təqdim edilən məlumatların toplanmasını əhatə edir.

 

5.             Məlumatların mənbələri

5.1.       Şirkət fərdi məlumatları aşağıdakı mənbələrdən əldə edir:

        İstifadəçilər tərəfindən birbaşa təqdim edilən məlumatlar (qeydiyyat, hesab tənzimləmələri, şəxsiyyət vəsiqəsi məlumatları , Sorğular və s.);

        Korporativ Abunəçi tərəfindən təqdim edilən məlumatlar

        Ödəniş xidməti təchizatçısından və/və ya texniki inteqrasiyalardan daxil olan texniki məlumatlar (məs., nağdsız ödənişin icrası barədə status/identifikator).

6.             Emalın məqsədləri

Şirkət fərdi məlumatları yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, Platformanın xidmətlərini tam, təhlükəsiz və keyfiyyətli şəkildə təqdim etmək məqsədilə emal edir:

6.1.       Xidmətlərin göstərilməsi və hesabın idarə edilməsi: İstifadəçinin platformada qeydiyyatı, OTP (birdəfəlik şifrə) təsdiqi ilə profilinin aktivləşdirilməsi və idarə edilməsi.

6.2.       Fərdiləşdirilmiş menyuların yaradılması: İstifadəçinin sevimli yeməkləri ("favoritləri") əsasında həftəlik və ya aylıq fərdi qida planlarının (menyuların) tərtib edilməsi və ona uyğun tövsiyələrin verilməsi.

6.3.       AI (Süni intellekt) hesablamaları və kalori təyini: İstifadəçinin fərdi fiziki göstəriciləri (çəki, boy, yaş və s.) əsasında rəqəmsal köməkçi vasitəsilə kalori və qida ehtiyaclarının hesablanması.

6.4.       Logistika və çatdırılmanın təşkili: Korporativ abunəçilərin işlədikləri ünvanların və ofislərin təyini, yeməklərin kuryer vasitəsilə vaxtında və düzgün ünvana çatdırılması.

6.5.       Sağlamlıq və allergen nəzarəti: İstifadəçinin allergen və pəhriz məhdudiyyətləri barədə məlumatlarının emalı vasitəsilə onun sağlamlığı üçün təhlükəsiz menyu alternativlərinin seçilməsi.

6.6.       Ödəniş əməliyyatlarının texniki idarəedilməsi: Abunəlik paketləri üzrə ödəniş statuslarının Platformada düzgün əks olunması və ödəniş prosesinin başlanması üçün texniki dəstəyin təmin edilməsi.

6.7.       Dəstək və sorğuların idarə edilməsi: İstifadəçilərdən gələn müraciətlərin, rəylərin, şikayətlərin və sorğuların operativ cavablandırılması.

6.8.       Təhlükəsizlik, saxtakarlığın qarşısının alınması və hüquqi tələblər

        icazəsiz girişlərin qarşısının alınması, təhlükəsizlik insidentlərinin araşdırılması;

        Audit qeydlərinin aparılması;

        qanunvericiliklə nəzərdə tutulan və ya səlahiyyətli dövlət orqanlarının tələbi ilə məlumatların təqdim edilməsi;

        Şərtlərdə nəzərdə tutulan çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi, vergidən yayınma və digər qanunsuz halların qarşısının alınması məqsədilə araşdırma və uyğun tədbirlər.

6.9.       Analitika və təkmilləşdirmə

        xidmətlərin təkmilləşdirilməsi, istifadəçi təcrübəsinin artırılması;

        anonimləşdirilmiş/statistik analitik hesabatların hazırlanması;

        texniki problemlərin diaqnostikası.

6.10.    Platformada Nağdsız ödənişlərin icrası Ödəniş xidməti təchizatçısının infrastrukturu üzərindən həyata keçirilir. Şirkət Ödəniş xidməti təchizatçısı qismində çıxış etmir. Şirkət Həssas ödəniş məlumatlarını toplamır və saxlamır. İnteqrasiya modelindən asılı olaraq, kart məlumatlarının daxil edilməsi prosesi Ödəniş xidməti təchizatçısının mühitində və ya onun texniki həlləri vasitəsilə həyata keçirilə bilər. Bu zaman Şirkət yalnız ödənişin icrası üçün zəruri olan texniki identifikatorları və ödəniş statusunu emal edir.

 

7.             Məlumatların ötürülməsi və paylaşılması

Şirkət fərdi məlumatları yalnız bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün zəruri həcmdə və aşağıdakı hallarda ötürə bilər:

·         Təchizatçılara (Mətbəxlərə): Yemək sifarişlərinin fərdi pəhriz proqramlarına və xüsusilə allergen məhdudiyyətlərinə uyğun olaraq düzgün hazırlanması məqsədilə istifadəçinin şəxsiyyətini müəyyən edən məlumatlar (ad, soyad, telefon) göstərilmədən, yalnız zəruri allergen, kalori və pəhriz seçimləri ötürülür.

·         Kuryer və Logistika tərəfdaşlarına: Sifariş edilmiş yemək paketlərinin təyin olunmuş ünvanlara (o cümlədən korporativ ofislərə) vaxtında çatdırılması məqsədilə istifadəçinin adı, soyadı, əlaqə telefonu və çatdırılma ünvanı təqdim edilir.

·         Ödəniş xidməti təchizatçılarına: Nağdsız ödənişlərin təhlükəsiz həyata keçirilməsi, abunəlik paketlərinin təsdiqi və ödəniş statusunun platformada yenilənməsi üçün yalnız əməliyyatın icrasına aid olan zəruri texniki identifikatorlar.

·         Sistem və İT infrastruktur provayderlərinə: Platformanın fasiləsizliyinin təmin edilməsi, bulud yaddaşı (cloud), hosting xidmətləri və süni intellekt (AI) texnologiyalarının təhlükəsiz tətbiqi məqsədilə, yalnız ciddi məxfilik öhdəlikləri və müqavilə şərtləri daxilində tərəfdaş provayderlərə.

·         Səlahiyyətli dövlət orqanlarına: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda, rəsmi və qanuni əsaslı sorğular daxil olduqda müvafiq dövlət qurumlarına.

 

8.             Üçüncü şəxslərə aid məlumatların emalı

8.1.       Platformadan istifadə zamanı üçüncü şəxslərə aid məlumatları təqdim edildiyi hallarda, bu məlumatlar aşağıda qeyd olunan hallar və qaydalar nəzərə alınmaqla toplanılır. İstifadəçilər bu növ üçüncü şəxslərə aid məlumatları açıqlamazdan əvvəl:

     üçüncü şəxslərə onların məlumatlarının Platforma vasitəsilə emal ediləcəyi barədə əvvəlcədən məlumat verməli;

     məlumatları açıqlanan şəxslərin bu barədə öncədən razılığını almalı.

8.2.       Üçüncü şəxslərə aid məlumatı təqdim etməklə, İstifadəçilər təmsil edir və təmin edirlər ki:

        təqdim edilən məlumat tam, dəqiq və düzgündür;

        bu məlumatların yuxarıda qeyd olunan məqsədlər çərçivəsində toplanması, istifadəsi, açıqlanması və emalı üçün həmin şəxslərin adından hərəkət etmək və məlumatlarını Platformaya təqdim etmək üçün etibarlı səlahiyyət mövcuddur.

 

9.             Yığılmış məlumatların məhv edilməsi

9.1.       Fərdi məlumatlar qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı hallarda yalnız bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün zəruri olan müddət ərzində saxlanılır.

9.2.       Xidmətlərdən istifadə etdikdən sonra İstifadəçilərin fərdi məlumatlarının silinməsini tələb etmək hüququ vardır. Bunun üçün Şirkətin bu Siyasətdə göstərilən əlaqə kanalları vasitəsilə (xüsusən elektron poçt ünvanına) müraciət edilməlidir. Müraciət əsasında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə uyğun olaraq, İstifadəçilərlə bağlı fərdi məlumatlar serverlərimizdən silinə bilər.

9.3.       Hüquqi tələblər əsasında bəzi məlumatlar, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə müraciətdən sonra silinməyə bilər (məsələn, Audit qeydləri, mübahisə materialları, təhlükəsizlik insidentləri ilə bağlı məlumatlar və s.).

9.4.       Əgər fərdi məlumatların təhlükəsizliyi ilə bağlı hər hansı şübhə və ya qüsur yaranarsa, Şirkət ağlabatan bütün qabaqlayıcı və zəruri tədbirləri həyata keçirərək məlumatların mühafizəsini təmin edəcəkdir.

 

10.         Dəyişikliklər

10.1.    Şirkət bu Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilər. Məxfilik Siyasətinin yeni forması Platformada yerləşdirildikdən sonra qüvvəyə minir. Əhəmiyyətli dəyişikliklər barədə İstifadəçilərə Platformadaxili bildiriş ilə və/və ya digər əlaqə vasitələri ilə məlumat verilə bilər.

10.2.    Məxfilik Siyasətinin yeni forması dərc edildikdən sonra Platformadan istifadəni davam etdirmək həmin dəyişikliklərin qəbul edilməsi anlamına gəlir. İstifadəçilər dəyişikliklərlə razı olmadıqda Platformadan istifadəni dayandırmalı və hesabı silə bilərlər.

10.3.    Hesabın silinməsinin hüquqi nəticələri Şərtlərlə tənzimlənir.

 

11.         Yekun müddəalar

11.1.    Şirkət Platforma fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutur.

11.2.    Məxfilik Siyasəti ilə bağlı sual, şikayət və ya əlavə məlumat ehtiyacı olduqda, Şirkətlə aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür:

Elektron poçt: info@planandeat.az
Poçt ünvanı:  AZ1000
Telefon: +994 10 265 61 34